Azərbaycan

Təbrizdə dünyanın ikinci böyük karikatura muzeyi bağlanır

Təbriz bələdiyyəsi muzey eksponatlarını yerləşdiyi binadan çıxarır.

Dünyanın ikinci, Asiyanın isə ən böyük karikatura muzeyi olan Təbriz Karikatura Muzeyinin bağlanması üçün törədilən süni manelərə davam edir və Təbriz bələdiyyəsi muzey eksponatlarını yerləşdiyi binadan çıxarır.

Muzeyin hazırkı rəhbəri Sumeyra Yusifi özünün sosial media hesabında etdiyi paylaşımda muzeyə getdiyi zaman qapıların açıq olduğunu, heç bir bildiriş və xəbərdarlıq olmadan muzeyin boşaldılmasının şahidi olduğunu yazıb.

Bələdiyyə idarəsinin göstərişi ilə dəyərli sənət əsərlərinin qanunsuz olaraq muzeydən çıxarılaraq anbarlara daşındığını yazan xanım Yusifi, nadir incəsənət mərkəzlərindən sayılan Karikatura Muzeyinin iki dövlət qurumunun arasında olan ixtilafların qurbanına çevrildiyini qeyd edib.

Təbriz bələdiyyəsinin ictimaiyyətlə əlaqələr bölməsi məsələ ilə bağlı yaydığı bəyanatda muzeyin yerləşdiyi binanın Təbriz bələdiyyəsinə məxsus olduğunu və muzey üçün Şərqi Azərbayca əyaləti Mədəniyyət və İrşad İdarəsinin başqa yer verməli olduğunu bildirib.

Şərqi Azərbaycan Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinin başçısı Əhməd Həmzəzadə isə Təbrizin Karikatur Muzeyinə qarşı belə davranışı Azərbaycan mədəniyyətinə qarşı sayqısızlıq adlandırıb.

“Bu muzey Azərbaycan incəsənət xadimləri və rəssamlarının əsərlərinin toplandığı komleksdir. Təbriz bələdiyyəsinin bu dəyərli əsərlərin köçürülməsi ilə bağlı addımı mədəniyyətə qarşı zərbə olmaqla yanaşı, Azərbaycan sənətçilərinə qarşı saymamazlıqdır”-deyə, Həmzəzadə bildirib.

2005-ci ilin mart ayında Təbrizdə açılan karikatura muzeyi dünyanın ən böyük beş karikatura muzeyi arasında yer alır. İranın yeganə karikatura muzeyi olan Təbriz karikatura muzeyi Asya qitəsinin ən böyük karikatura muzeyi olaraq tanınır.

Məşhur Təbrizli karikatura sənətkarı Rəhim Baqqal Əsgərinin səyləri nəticəsində açılan bu muzey 1938-ci ildə inşa edilən Təbriz İncəsənət Evi binasında yerləşir.

Bu muzeydə ümumilikdə yüz fərqli ölkədən 20 mindən çox orijinal karikatura əsəri mövcüddür ki, bunların bir hissəsi dünyaca məşhur sənətkarların əsərlərindən ibarətdir.

Muzeydə saxlanılan əsərlər Şərqi Azərbaycan əyalətində keçirilən ondan çox beynəlxalq festivalın nəticəsində toplanmışdır. Muzeyin başqa bölməsi tarixi və xarici dərgilərin arxivləri ilə yanaşı, mindən çox albomu olan kitabxanadır.

Muzeydə dünya şöhrətli ustalar və karikaturaçılar, o cümlədən Zlatkovski Mixail Mixayloviç, Yuri Kosobukin, Koroğlu, Mihaita Prombita, Bayram Hacızadə və başqalarının təxminən 14 min əsəri var.

Bununla yanaşı Təbriz karikaturaçı rəssamlar birliyinin mərkəzi də bu muzeydə yer almaqdadır. İranda bənzəri olmayan bu muzeyin müəyyən edilmiş illik dövlət büdcəsi yoxdur və Təbriz Kartonistlər Birliyinin gəlirləri ilə idarə edilir.

Qeyd edək ki, bundan öncədə dəfələrlə muzeyin bağlanmasına cəhd göstərilib və yerli sənətkarların, mədəniyyət xadimlərinin və təbrizlilərin etirazları nəticəsində bu baş tutmayıb.

موزه کارتون تبریز

Related Articles

Bir cavab yazın

Back to top button