Azərbaycan

Ermənistan-Azərbaycan münasibətlərində kritik iki ay

Növbəti iki ay Cənubi Qafqazın taleyüklü dövrü olacaqdır. Bu müddət ərzində Ermənistan-Azərbaycan arasında sülh sazişi, sərhədlərin delimitasiyası və nəqliyyat-kommunikasiya əlaqələrinin açılması, Ermənistan ordusunun qalıqlarının Qarabağdan çıxarılması kimi məsələlərə aydınlıq gətiriləcəkdir.

Sülh müqaviləsi

Azərbaycan Prezidentinin Praqadakı müsahibəsinə əsasən, Ermənistan tərəfindən siyasi iradə nümayiş olunarsa ilin sonuna qədər sülh sazişi imzalana bilər. Bunun üçün xarici işlər nazirləri tezliklə ikinci dəfə görüşməli, daha sonra isə işçi qruplarla birlikdə üçüncü dəfə görüşərək sülh sazişini razılaşdırana qədər fasiləsiz danışıqlar aparmalıdırlar. Bu proseslərin növbəti 2 ay ərzində, yəni ilin sonuna qədər planlaşdırılması sülh sazişi üzrə işlərin intensivləşməsindən xəbər verir.

Sərhədlərin delimitasiyası

Azərbaycan prezidentinin köməkçisi H. Hacıyevə əsasən, Azərbaycanla Ermənistan arasında 1000 km-dən artıq delimitasiya olunmamış sərhəd var. Vaşinqtonda aparılan danışıqlar zamanı Azərbaycan tərəfi sərhədlərin “heç bir ön şərt qoyulmadan” və “düzgün metodologiyanın tətbiqi” vasitəsilə aparılmasına vurğu etmişdir. Azərbaycan tərəfi A.Qriqoryanla ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri C. Sallivanın iştirakı ilə görüşü zamanı həmçinin Qazax rayonunun hələ də işğal altında saxlanılan 7, Naxçıvanın isə 1 kəndi ilə bağlı məsələləri qaldırdı. Görüşün nəticələrinə dair sosial şəbəkələrə sızdırılan 27 sentyabr tarixli Vaşinqton razılaşmasına əsasən sərhəd komissiyası tərəfindən aparılan delimitasiya prosesi sülh sazişi ilə parallel aparılmalı və ilin sonuna qədər yekunlaşmalıdır. Delimitasiya məsələsinin də növbəti iki aya təsadüf etməsi tərəflərin sərhədlərin müəyyən edilməsi üçün artıq müəyyən bir baza prinsipini nəzərdən keçirmələrindən xəbər verir.

Avropa İttifaqı missiyası

Praqa görüşündə Ermənistan Azərbaycanla sərhəddə Aİ-nin mülki missiyasını qəbul etməyə razı olduğunu bildirdi. Azərbaycan mülki missiyanı öz ərazisində qəbul etməsə də, növbəti iki ay ərzində ona aid olduğu dərəcədə missiya ilə əməkdaşlıq edəcəyini bildirmişdir. Missiya 40 nəfərdən ibarət olacaqdır. Ş.Mişelin bəyanatına görə missiyanın məqsədi tərəflər arasında etimad yaradaraq hesabatları ilə sərhəd komissiyalarının işinə töhfə verməkdir. Missiya oktyabr ayında başlayıb, maksimum 2 ay davam edəcəkdir. Böyük ehtimal ki, 2 ay bitdikdən sonra Ermənistan missiyanın müddətini artırmağa cəhd edəcəkdir. Ermənistanın hansı addım atmasından asılı olmayaraq Azərbaycan adı çəkilən missiya ilə cəmi 2 ay müddətində əməkdaşlıq edəcəkdir. Müşahidə etdiyimiz kimi bu məsələdə də son tarix kimi ilin sonu müəyyən edilmişdir.

Nəqliyyat və kommunikasiyalar

Praqada Azərbaycan telekanallarına müsahibəsi zamanı Prezident İlham Əliyev Ermənistanın avtomobil yolu üçün marşrutu hələ də Azərbaycana təqdim etmədiyini qeyd etdi. Vurğulayaq ki, 10 noyabr bəyanatına əsasən Zəngəzur dəhlizi Ermənistanın öz üzərinə götürdüyü öhdəlikdir. Bunun bir öhdəlik olduğunu və Ermənistan tərəfindən icra edilmədiyini Azərbaycan prezidenti MDB dövlət başçılarının Astana sammitində xüsusi vurğulamışdır. Eyni zamanda, dəmir yolu məsələsinin Prezident tərəfindən qeyd edilməmısi onu göstərir ki, bu məsələ artıq razılaşdırılıb.

Beləliklə, Azərbaycanın 5 baza prinsipi əsasında sülh sazişinin imzalanması, sərhədlərin delimitasiyası, nəqliyyat-kommunikasiya əlaqələrinin açılması 2022-ci ilin sonuna qədər həllini tapmalıdır. Bu istiqamətlərdə, xüsusilə Ermənistan SQ qalıqlarının Qarabağdan tam çıxarılması məsələsində Azərbaycan hələki səbr nümayiş etdirir. Lakin, növbəti iki ayda proseslər məntiqi sonuna çatmasa, Azərbaycan Qarabağdan başlayaraq bütün istiqamətlər üzrə Prezident İlham Əliyev qeyd etdiyi kimi adekvat tədbirlər görməyə başlayacaqdır. Bu tədbirlərə ilk növbədə Laçın yolunun nəzarətə götürülməsi və Ermənistan tərəfindən işğalı davam etdirilən anklavlar məsələsinin rəsmi qaydada qaldırılması aid ola bilər.

Related Articles

Bir cavab yazın

Back to top button